Edumall Preloader

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq Elmi-Praktik Konfransı”

photo_18_2025-12-05_13-29-22
Fotoqalereya Xəbərlər

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq Elmi-Praktik Konfransı”

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq Elmi-Praktik Konfransı” keçirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin təşkilatçılığı ilə 26–27 noyabr 2025-ci il tarixlərində “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq Elmi-Praktik Konfransı” keçirilmişdir.

Konfransın ilk günü Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin əməkdaşlıq etdiyi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tibb təhsili müəssisələrinin nümayəndələri və kollecin rəhbərliyi Fəxri Xiyabanı ziyarət edib və xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoyublar.

Nümayəndə heyətləri daha sonra görkəmli alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri qoyublar.

Ziyarət proqramı Şəhidlər xiyabanında davam edib. Qonaqlara 20 Yanvar faciəsi, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımız haqqında ətraflı məlumat təqdim olunmuşdur. Nümayəndə heyətləri şəhidlərin xatirəsini yad edərək, məzarları üzərinə gül dəstələri qoyublar.

Səfər proqramı Zəfər parkındakı Zəfər abidəsinin ziyarəti ilə davam etdirilib. Nümayəndələrə Vətən müharibəsindəki tarixi Qələbəmizi əks etdirən ekspozisiya barədə məlumat verilib və abidə önünə gül dəstələri qoyulub.

Ziyarətlərdən sonra qonaqlar Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində olmuş, tədris prosesi, infrastruktur və tələbələrin nəzəri və praktiki hazırlıq imkanları ilə tanış olmuşlar. Qeyd edək ki, adıçəkilən ölkələrin tibb təhsili müəssisələri ilə əməkdaşlıq bu konfransdan əvvəl də həyata keçirilir və qarşılıqlı əlaqələr uzun müddətdir davam etdirilir.

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci ilə Qazaxıstan Respublikası Beynəlxalq “Gaudeamus” Təhsil Holdinqi, Özbəkistan Respublikası Tibb İşçilərinin Peşəkar Kvalifikasiyasının İnkişafı Mərkəzinin ali təhsilli tibb bacıları kafedrası və Qırğızıstan Respublikası Bişkek Ali Tibb Kolleci arasında əməkdaşlıq memorandumları imzalanmışdır.

Görüşün sonunda tərəflər arasında səmərəli müzakirələr aparılmışdır. Qonaqlar konfransa dəvət olunduqlarına görə 2 nömrəli Bakı Baza Tibb Kollecinə təşəkkürlərini bildirərək, tədbirin Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında tibb təhsili və praktiki hazırlıq sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışlar. Eyni zamanda yeni birgə layihələr, akademik mübadilə imkanları və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.

Daha sonra 2 nömrəli Bakı Baza Tibb Kollecinin rəhbərliyi və qonaqlar 1 nömrəli Bakı Tibb Kollecində olmuş, təhsil prosesi ilə tanış olmuş və əməkdaşlıq memorandumları imzalanmışdır.