“Ədalətin sütunu, dövlətçiliyin təməli” adlı konfrans
Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecində 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi münasibətilə "İctimai elmlər" fənn birləşməsi komissiyasının təşkilatçılığı ilə "Ədalətin sütunu, dövlətçiliyin təməli" adlı konfrans keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılan tədbir, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə davam etdiriib.
Konfransda çıxış edənlər vurğulamışlar ki, ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğunun möhkəm təməli ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) nəticəsində qəbul olunan Azərbaycan Respublikasının ilk Konstitusiyası ilə qoyulub. Bildirilib ki, əsas Qanunun "Xalqın suverenliyi" adlanan 2-ci maddəsində xalqın sərbəst və müstəqil şəkildə öz müqəddəratını həll etmək və idarəetmə formasını müəyyən etmək hüququ təsbit edilib.
Konstitusiyanın bu günə qədər keçdiyi şərəfli yolu əks etdirən videoçarx tədbir iştirakçılarına təqdim edilib. Tədbir, tələbələrin iştirakı ilə hazırlanan bədii kompozisiya ilə davam etdirilib, Konstitusiyanın dövlətçilik tariximizdəki müstəsna rolunu əks etdirən nümunələr səsləndirilib.