Edumall Preloader

Pedaqoji şura

Pedaqoji şura

Pedaqoji şura orta ixtisas təhsili müəssisələrində təlim-tərbiyə və metodiki işin, təhsil müəssisəsinin fəaliyyətinin, digər məsələlərin müzakirəsinin kollegiallığını təmin etmək üçün, direktorun əmri ilə yaradılır.

Pedaqoji şuranın yaradılmasında məqsəd kollektivin çalışan hər bir işçisinin kollecin idarə olunmasında fəal iştirakını təmin etmək, qarşıda duran məsələləri kollektiv şəkildə müzakirə etmək, bu məsələlərin həlli üçün kollegial qərarlar qəbul etməkdir.

Şuranın əsas vəzifəsi orta ixtisas təhsili müəssisəsi kollektivinin fəaliyyətini aşağıdakı istiqamətlərdə birləşdirməkdən ibarətdir:

  • orta ixtisas təhsili proqramları həcmində lazımi nəzəri və təcrübi biliyə malik, vətənpərvərlik və beynəlmiləlçilik ruhunda tərbiyə olunmuş mütəxəssislərin hazırlanması;
  • müasir elm və texnikanın, mədəniyyətin inkişaf perspektivlərini nəzərə almaqla mütəxəssis hazırlığının keyfiyyətinin müntəzəm təkmilləşdirilməsi;
  • tələbələrdə Vətənə məhəbbət və onun müdafiəsinə hazır olmaq hissinin tərbiyə edilməsi;

Şuranın tərkibi direktor, direktor müavinləri, şöbə müdirləri, fənn komissiyasının sədrləri, müəllimlər, kitabxana müdirindən ibarət tərkibdə təşkil edilir.

Fənn komissiyalarının üzvləri həmin komissiyaların iclaslarında müəyyən edilmiş qaydada seçilirlər. Bu halda pedaqoji şura üzvlərinin sayı pedaqoji kollektivin üzvlərinin ümumi sayının üçdə ikisindən az olmayaraq müəyyən edilir. Şuranın üzvü olmayan pedaqoji işçilər ayrı-ayrı məsələlərin müzakirəsi zamanı şuranın iclaslarına dəvət edilə bilərlər.

Lazım gəldikdə ayrı-ayrı müəllimlərin ixtisasının tədris müəssisəsində yerinə yetirdiyi pedaqoji və tərbiyə işinə uyğunluğu məsələsi pedaqoji şuranın müzakirəsinə çıxarıla bilər.

Şuranın tərkibi kollecin direktorunun əmri ilə bir il müddətinə təsdiq edilir.

Şuranın işi hər tədris ili üçün tərtib edilmiş plan üzrə aparılır. Müzakirə edilib bəyənildikdən sonra iş planı kollecin direktoru tərəfindən təsdiq edilir.

Şura hər iki aydan gec olmayaraq toplanır.

Şuranın qərarı sadə səs çoxluğu ilə qəbul edilir, direktor tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Qərarın icrası kollecin bütün işçiləri və tələbələri üçün məcburidir.

Şuranın hər bir üzvü şuranın bütün iclaslarında olmaqla onun işində fəal iştirak etməyə, ona verilən bütün tapşırıqları vaxtında və qüsursuz yerinə yetirməyə borcludur.

Şuranın iclaslarının gedişi protokollaşdırılır. Protokolu şuranın sədri və katibi imzalayır.