Edumall Preloader

Rusiya Federasiyası AVERON elm-istehsalat kompleksinin nümayəndələri ilə əməkdaşlıq

Snapinsta.app_1080_334032027_2244604815748290_39517975581173604_n
Xəbərlər

Rusiya Federasiyası AVERON elm-istehsalat kompleksinin nümayəndələri ilə əməkdaşlıq

28 fevral 2023-cü il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecində Rusiya Federasiyası Yekaterinburq şəhərinin AVERON elm-istehsalat kompleksinin nümayəndələri ilə görüş keçirilib. Kollecin direktoru Dilarə Məmmədəliyevanın, AVERON şirkətinin əməkdaşları Kuroçkina Mariya Aleksandrovna və Akulenko Anatoliy Lvoviçin iştirak etdikləri görüşdə tərəflər arasında elm və təhsil, xüsusilə də “Diş texnikliyi (Stomatologiya)” sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələlərini ehtiva edən saziş imzalanıb. Qarşılıqlı əməkdaşlıq haqqında sazişin şərtlərində bilik, ideya və kadr mübadiləsi, ümumi maraq sahələrində birgə potensialın artırılması proqramlarının planlaşdırılması, birgə seminar, layihə və konfransların hazırlanması və təşkili məsələləri də nəzərdə tutulub.

Daha sonra qarşılıqlı əməkdaşlığın istiqamətləri çərçivəsində Rusiya Federasiyası Yekaterinburq şəhərinin AVERON elm-istehsalat kompleksinin nümayəndələri tərəfindən 2 nömrəli Bakı Baza Tibb Kollecinin “Ortopedik stomatologiya” şöbəsində təhsil alan 12 tələbə arasında “Bir addım irəli” adlı X Beynəlxalq müsabiqənin seçmə mərhələsi keçirilib. Müsabiqə tapşırıqlarını   3 saat ərzində yerinə yetirən tələbələrin əl işləri xüsusi şkalaya əsasən 8 parametr üzrə hərəsi “5” bal olmaqla qiymətləndirilib. Nəticə etibarilə, Lələkişizadə Lələkişi 1-ci, Cəlilov Mənsum Əli oğlu 2-ci, Tağızadə Alim Xanbala oğlu 3-cü yerin qalibləri seçilərək, diplomlar və hədiyyələrlə təltif ediliblər, bütün digər iştirakçılara isə sertifikatlar təqdim olunub. Seçmə mərhələsində 1-ci yerin qalibi seçilən Lələkişizadə Lələkişi Yekaterinburq şəhərində keçiriləcək “Bir addım irəli” adlı X  Beynəlxalq müsabiqənin yekun mərhələsində iştirak etmək hüququ qazanıb.

Daha sonra kollecin akt zalında Averon şirkətinin yaranma tarixi və istehsal etdiyi tibbi-stomatoloji avadanlıqlar, sökülən modellərin fərqli üsullarla alınma qaydaları, müasir materiallar haqqında məlumat verilib, videoçarx nümayiş etdirilib. Sonda kollecin direktoru Dilarə Məmmədəliyeva yüksək keyfiyyətli diş texniklərinin yetişdirilməsi işində   AVERON elm-istehsalat kompleksi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, həm öz adından, həm də müəllim və tələbə heyəti adından qonaqlara dərin təşəkkürünü bildirib. Qonaqlar, öz növbəsində, belə mühüm və böyük tədbirin təşkilində göstərdiyi peşəkarlığa görə Dilarə xanım Məmmədəliyevaya “Təşəkkürnamə” təqdim ediblər.