Ümummilli Lider Heydər Əliyev Bakı 2 nömrəli Tibb məktəbinin açılışında
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ilin avqust ayında ayrı-ayrı ixtisasların tədris olunduğu Səhiyyə Nazirliyinin 2, 3, 5, 6, 8 nömrəli tibb məktəblərinin fəaliyyətini özündə birləşdirən Səhiyyə Nazirliyi Bakı 2 nömrəli Tibb məktəbinin binası inşa olunmağa başlamışdır. Heydər Əliyevin qayğısı və nəzarəti nəticəsində qısa bir müddətdə hazır olan təhsil ocağı 1 sentyabr 1975-ci il tarixində istifadəyə verilmiş və açılışda Ulu Öndər şəxsən iştirak edərək böyük nitq söyləmişdir. Ümummilli Lider geniş məzmunlu nitqində əhalinin yüksək səviyyəli tibbi xidmətlə təmin olunmasında keyfiyyətli orta ixtisaslı tibb işçiləri yetişdirilməsinin əhəmiyyətini vurğulamış və bu məqsədlə fəaliyyətə başlayan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı 2 nömrəli Tibb Məktəbində hazırlanacaq savadlı və təcrübəli tibb kadrlarının Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayacağını bildirmişdir.
Bu gün qürurla söyləyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin üzaqgörən siyasətinin Azərbaycan xalqına verdiyi töhfələrdən biri olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində tədris olunan yeddi ixtisas üzrə təhsil almış 32 mindən artıq orta ixtisaslı tibb kadrları Respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən səhiyyə müəssisələrində və sağlıq ocaqlarında əhaliyə ləyaqətlə xidmət göstərirlər.