Edumall Preloader

31 mart Azərbaycanlıların Soyqırımı

PHOTO-2023-03-31-12-56-08
Xəbərlər

31 mart Azərbaycanlıların Soyqırımı

31 mart  2023-cü il tarixində 2 nömrəli  Bakı  Baza Tibb kollecində  31 mart - Azərbaycanlıların Soyqırımı Gününə və “Müalicə işi” şöbəsində təhsil alan tələbələrimiz, 1992-ci ildə Şuşada qəhrəmancasına həlak olan Ağayev Nazim Ziyad oğlu və Nadirov Aslan Tanrıverdi oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildi.

Kollecin direktoru Dilarə Məmmədəliyeva tədbiri açıq elan edərək, Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu vurğuladı. O, tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, martın 31-i bizə Azərbaycanın tarixində unudulmaz bir gündür. 1918-ci ilin mart soyqırımı öz amansızlığına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Kollecin direktoru şəhid tələbələrimizin təhsil aldığı dövrdə nümunəvi davranışlarından, vətənpərvər olmasından və onlarla qürur duyduğundan söhbət açdı.

Sonra “İctimai fənn” müəllimi Zaur Qasımov çıxış edərək erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən soyqırımı siyasətindən danışaraq bildirib ki, Mart Soyqırımı və ya Mart Hadisələri - 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Şəhid tələbəmiz Nadirov Aslan Tanrıverdi oğlunun qardaşı hərbiçi Nadirov Tahir Tanrıverdi oğlu tədbirdə çıxış edərək, qəhrəman qardaşının keçdiyi döyüş yollarından qürur hissi ilə danışdı və kollec rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə dərin təşəkkürünü bildirdi.

Daha sonra THT və TGT tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olundu.

Sonda tədbir iştirakçıları şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın abidəsi önünə qərənfillər düzdülər.