Xocalı faciəsinin 28-ci ildönümünə
Fevral 26, 2020 2020-02-26 0:00Xocalı faciəsinin 28-ci ildönümünə
Xocalı faciəsinin 28-ci ildönümünə
2 nömrəli Bakı Baza Tibb Kollecində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı-qan yaddaşımız” adlı anım tədbiri keçirildi.
Tədbir başlamazdan öncə kollecin foyesində tələbələrin rəsm işlərindən ibarət sərgiyə baxış keçirildi. Sonra Xocalı faciəsində və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, müavinlər Təravət Muradova, Elçin Rzayev, Xaliq Möhbalıyev, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov və media nümayəndələri qonaq qismində iştirak etdilər.
Tədbirdə kollecin tələbələri 1992-ci il fevralın 25-dən 26-na keçən dəhşətli gecənin vəhşiliklərini ədəbi-bədii kompozisiyada əks etdirdilər. Erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdiklərini bildirdilər. Bu kütləvi qırğın zamanı 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynindən və 130 uşağın valideynlərinin birindən məhrum olması, eləcə də 487 nəfər soydaşımızın ağır xəsarətlər alması, 197 nəfərin itkin düşməsi, 1275 nəfərin girov götürülməsi tədbir boyunca slaydlarda nümayiş olunurdu.
Tələbələrin təqdim etdikləri ədəbi-bədii kompozisiyada vətənimizin və torpaqlarımızın müdafiəsinə çağırış, vətən sevgisi, dövlətimizin və dövlət başçımızın ətrafında sıx birləşib tezliklə doğma torpaqlarımızı düşmən yağılarından azad etmək, Qarabağımıza qayıtmaq arzusu səsləndi.
Sonda Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Prezident İlham Əliyevin xarici siyasi kursunda mühüm yer tutması və Xocalı soyqırımı ilə bağlı Azərbaycanın haqq səsinin dünyaya çatdırılması slaydlarda nümayiş olundu, Azərbaycanın xalq artisti Gülyanaq Məmmədovanın ifasında “Xocalı” mahnısı səsləndi.